Xoşbəxtlik nədir?

Xoşbəxtlik daim axtarışında olunan bir hissdir. Filosoflar, ilahiyyatçılar, psixoloqlar, hətta iqtisadçılar belə uzun bir müddətdir ki, bu hissin tərifini müəyyən etməyə çalışırlar.

Psixologiya əsas məqsədi insanın psixoloji sağlamlığını, cəmiyyətdə rifahını təmin etmək olan bir elm olaraq bu hissin araşdırılmasına dair bir çox tədqiqatları ehtiva edir. 

Xoşbəxtlik yalnız müsbət əhval-ruhiyyə olmayıb əsasən dərin məna və məmnuniyyət hissi ilə yaxşı bir həyat sürməyi əhatə edən rifah halıdır (1).  

Ən yeni müasir yanaşmalara əsasən, subyektiv rifah, insanın öz həyatını və həyatındakı fəaliyyətləri necə təcrübə etdiyini və qiymətləndirdiyini əhatə edir (2).

Rifahın nədən ibarət olduğunu bilsək də, bəzən onu qorumaq asan olmur. Bu yazı, əsasən, psixologiyamızın xoşbəxtliyə əngəl olan xüsusiyyətləri və onların aradan qaldırılması üçün metodologiyalar haqqındadır. Mütəxəssislər bu xüsusiyyətləri “Bezdirici” (İng.cə: annoying”) olaraq adlandırırlar. 

Bu “bezdirici” xüsusiyyətləri aşağıda nəzərdən keçirək:    

1. Psixologiyamızın xoşbəxtlik haqqındakı güclü intuisiyaları əksər hallarda tamamilə səhvdir. Məsələn, fit bədən quruluşu, pul və evlilik kimi bəzi şərtlərin bizi istisnasız xoşbəxt edəcəyinə inanırıq. Bunları əldə etdikdə isə heç də mütləq xoşbəxtliyə nail olmadığımızı anlayırıq. 

Insanın onu xoşbəxt etmək üçün lazımlı şərtləri səhv qiymətləndirməsi davranış iqtisadiyyatının bir hissəsi olan effektiv proqnozlaşdırma (İng.cə: Effective forecasting) konsepsiyası ilə əlaqəlidir (3). Effektiv proqnozlaşma konsepsiyasına əsasən, insanlar nailiyyətlər və ya qazanclar ilə bağlı xoşbəxtlik və məmnuniyyət dərəcəsini öncədən ölçə bilərlər. Lakin pratikada bu proqnozları etibarlı şəkildə etmək qabiliyyətinə malik deyillər və bir çox hallarda həyatlarında önəmli dəyişikliklər etdikdə belə gözlədikləri məmnuniyyət hissini əldə  etmirlər.

Nəticə: Öz xoşbəxtliyinizi sahib olmadığınız şeylər və onları əldə etməklə əlaqələndirməyiniz zərərli, “Məndə … olarsa, xoşbəxt olacağam” müddəalarından uzaqlaşmağınız isə faydalı ola bilər.

2. Psixologiyamız mütləq deyil, nisbi istinad nöqtələrinə əsaslanır. Harvard İctimai Sağlamlıq Məktəbi belə bir sorğu keçirmişdir, “Təsəvvür edin bir situasiyada sizin illik gəliriniz 50.000$, digərlərinin isə 25.000$-dir, ikinci situasiyada sizin illik gəliriniz 100.000$, digərlərinin isə 250.000$-dır. Hansını seçərdiz?” Cavablayanların 56%-i az, amma digərlərinə nisbətən çox qazandıqları birinci situasiyanı arzuladıqlarını bildiriblər (4). Bu, xoşbəxtliyin başqaları ilə müqayisə edildiyi halda artıb və azaldığı, dolayısı ilə nisbi deprivasiya fenomenindən xəbər verir.  Nisbi deprivasiya nəzəriyyəsi insanların özlərinin vəziyyətini başqalarının vəziyyəti ilə müqayisə etməyə meyilli olduğunu göstərən bir nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, insanlar həyatlarında nailiyyətlər və imkanlar qarşısında başqalarının vəziyyətini göz önündə saxlayaraq özlərinin nisbi pozisiyasını qiymətləndirirlər (5). Tədqiqatlar, nisbi deprivasiyanın yaşam keyfiyyəti ilə mənfi şəkildə əlaqələndirildiyini və depressiv simptomların bu əlaqəni təşkil edə biləcəyini göstərir (6).

Nəticə: Özünüzü başqaları ilə az müqayisə etməyə çalışın. 

3. Psixologiyamızın işləmə tərzi təkamül nəzəriyyələrindən də məlum olduğu kimi öyrəşməyə əsaslanır. Belə ki, öyrəşmə sayəsində xəyalını qurduğumuz əşyalara qarşı keçirdiyimiz hislər onları əldə etdikdən sonra zəifləyir. Yəni, öyrəşilənlər zaman keçdikcə daha az xoşbəxt edir. Bunu daha yaxşı anlamaq üçün sizi ilk əvvəldə xoşbəxt edən fenomenlərin hələ də sizdə olmasına rəğmən illər keçdikdən sonra necə hiss etdirdiyini təhlil edin (7). Bu hal hedonik adaptasiya və ya hedonik treadmill (İng.cə: hedonic treadmill) olaraq adlanan psixoloji fenomen ilə birbaşa əlaqəlidir (8,9,10). Hedonik adaptasiya nəticəsində insan həyatındakı müsbət və ya mənfi hadisələrə baxmayaraq, nisbətən ortalama və sabit xoşbəxtlik halına qayıtmağa meyillidir. 

Bu halın qarşısını almaq və xoşbəxtlik hissini qoruyub saxlamaq üçün təcrübələrə çeşidlilik daxil etmək (İng.cə: variety) və pozitiv hadisələri qiymətləndirmək (İng.cə: appreciation) iki ən önəmli üsuldur (11).  

Nəticə: Öyrəşdiklərinizə rəng qatmağınız, daha fərqli çalarlarda yaşamağınız və pozitiv hadisələri qiymətləndirməyiniz faydalı ola bilər. 

4. Psixologiyamızın quruluşunun öyrəşməyə əsaslandığını dərk edə bilmirik. Xəyalını qurduğumuz pozitivlərin bizi hər daim xoşbəxt, ehtiyat etdiyimiz neqativlərin isə bizi az qala “öldürəcəyini” təxmin edirik. Halbuki xoşbəxt edəcəyini düşündüklərimiz zamanla adiləşir və davamlı xoşbəxt etmir, ehtiyat etdiklərimiz isə öyrəşdiyimiz üçün adiləşir və “öldürmür”.

Nəticə: Təcrübələrə açıq olun, ehtiyat etdikləriniz nəinki təhlükəli olmaya bilər, hətta sizi inkişaf etdirə bilər. 

Mütəxəssislərin şəxs üçün qısa zaman və uzun zaman içində baş verən müsbət hadisələri tədqiq etməsi nəticəsində məlum olmuşdur ki, ikincilər daha çox xoşbəxt edir (12). Belə ki, təcrübələr, zamana yayılması və genişləndirilə bilməsi səbəbindən onların adaptasiyası daha ləngdir. Beləliklə, təcrübələrə sərmayə etmək, əşyalara sərmayə etməkdən daha çox xoşbəxt etmək potensialına sahibdir (13). Sərgi, tamaşa, konsert və səyahət belə təcrübələrdən sayıla bilər.

Son olaraq onu qeyd edim ki, axtarışında olunan xoşbəxtlik hissinə əngəl olan bir neçə xüsusiyyəti özünümüşahidə ilə tanımaq mümkündür. Bu xüsusiyyətlərin fərqində olaraq onları aradan qaldırmağımız, beləliklə xoşbəxtliyimizi özümüzün rahatlıqla dizayn etməyimiz mümkündür.      

Yazar: Günel Aslanova, PhD, Psixoloq, Genezis Psixologiya Mərkəzinin Rəhbəri 

Rəyçi: Elxan Yusifov, Aytən Ələkbərova 

Redaktor: Şəms Fərhad 

1. Seligman, M. E. P. (2011). Flourish: A visionary new understanding of happiness and well-being. Free Press.

2. Stone, A. A., Mackie, C., Panel on Measuring Subjective Well-Being in a Policy-Relevant Framework, Committee on National Statistics, Division on Behavioral and Social Sciences and Education, & National Research Council (Eds.). (2013). Subjective Well-Being: Measuring Happiness, Suffering, and Other Dimensions of Experience. National Academies Press (US).

3. Gilbert, D. T., Pinel, E. C., Wilson, T. D., Blumberg, S. J., & Wheatley, T. P. (1998). Immune neglect: a source of durability bias in affective forecasting. Journal of personality and social psychology, 75(3), 617–638. https://doi.org/10.1037//0022-3514.75.3.617

4.Solnick, S. J., & Hemenway, D. (1998). Is more always better?: A survey on positional concerns. Journal of Economic Behavior & Organization, 37(3), 373–383. https://doi.org/10.1016/S0167-2681(98)00070-6

5. Walker, I., & Pettigrew, T. F. (1984). Relative deprivation theory: An overview and conceptual critique. British Journal of Social Psychology, 23(4), 301–310. https://doi.org/10.1111/j.2044-8309.1984.tb00645.x

6. Qin, W., Xu, L., Jing, Y., Han, W., & Hu, F. (2022). Relative deprivation, depression and quality of life among adults in Shandong Province, China: A conditional process analysis based on social support. Journal of affective disorders, 312, 136–143. https://doi.org/10.1016/j.jad.2022.06.019

7. Diener, E., & Biswas-Diener, R. (2011). Happiness: Unlocking the Mysteries of Psychological Wealth. John Wiley & Sons.

8. Brickman, P., & Campbell, D. T. (1971). Hedonic relativism and planning the good society. In M. H. Appley (Ed.), Adaptation-Level Theory: A Symposium (pp. 287-302). Academic Press.

9. Diener, E., Lucas, R. E., & Scollon, C. N. (2006). Beyond the hedonic treadmill: Revising the adaptation theory of well-being. American Psychologist, 61(4), 305–314. https://doi.org/10.1037/0003-066X.61.4.305

10. Gilbert, D. T., Pinel, E. C., Wilson, T. D., Blumberg, S. J., & Wheatley, T. P. (1998). Immune neglect: A source of durability bias in affective forecasting. Journal of Personality and Social Psychology, 75(3), 617–638. https://doi.org/10.1037/0022-3514.75.3.617

11. Fritz, M., Walsh, L. C., & Lyubomirsky, S. (2017). Staying happier. In M. D. Robinson & M. Eid (Eds.), The happy mind: Cognitive contributions to well-being. New York:Springer

12. Lerner, D., & Schlechter, A. (2017). U Thrive: How To Succeed in college (and life). Little, Brown Spark. 

13. Niemiec, R. M., & McGrath, R. (2019). The power of character strengths: Appreciate and Ignite Your Positive Personality.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Scroll to Top