Şüur nədir?

Şüur nədir?

“Elm təbiətin əsas sirrini üzə çıxara bilməz, ona görə ki, biz özümüz də həll etməyə çalışdığımız sirrin bir parçasıyıq.”- Max Planck

Bu gün, fizika, fəlsəfə, tibb və digər elm sahələrindən olan insanların yüz illərdir ki, soruşduqları, lakin, ortaq bir məxrəcə gələ bilmədikləri bir mövhum – şüur haqqında yazmaq istəyirik.

Bəs şüur nədir?

Şüur insanın daxili aləmini və ətraf mühitini qavraya bilmə qabiliyyətidir. Bu qavrama nəticəsində qarşılaşdığımız hər situasiyanı mühakimə edir, hər yeni informasiyanı daha əvvəl yaşadığımız təcrübələrlə qarşılaşdırır və yekun hədəfimizə çatmaq üçün lazımi səbəb – nəticə əlaqələrini qurmağa çalışırıq. Hər bir orqanizm üçün onun ətraf mühiti fürsətlər və maneələrdən ibarət bir ehtimallar aləmidir. Şüur bizə mümkün olan təhlükəli amillərdən yayınmaqda və faydalı amilləri tapmaqda kömək edir1.

Bu sualı süni intellektə də (ChatGPT 3.5) ünvanladıq və cavabı bizi kifayət qədər təəccübləndirdi:

“Təsəvvür et ki, günəşli bir gündə parkda gəzirsən. Gəzərkən çiçəklərin canlı rənglərinin fərqinə varır, günəşin istiliyini bədənində hiss edir, quşların cıvıltısını eşidir və çəmənliyin təzə qoxusunu duyursan. Təbiətin gözəlliyi üzərində və ya günün qalan hissəsinin planı barəsində düşünərkən öz düşüncələrinin və duyğularının da fərqinə varırsan. Beləliklə, bu situasiyada şüur bir neçə faktoru əhatə edir:

  1. Ətraf mühitin fərqində olma: Parkın, günəşin, çiçəklərin, quş səslərinin,  çəmən qoxusunun fərqindəsən;
  2. Qavrama: Rəngləri, istiliyi, səsləri və qoxunu duyursan;
  3. Özünüdərketmə: Bu duyğu və düşüncələri yaşayan bir fərd kimi dərk edirsən;
  4. İdrak: Düşünmə və planlaşdırma kimi koqnitiv proseslərlə məşğul olursan;
  5. Duyğular: Qavrama və düşüncələrə əsaslanaraq sevinc, rahatlama və ya gözlənti kimi duyğuları təcrübə edirsən.”

Şüurun nə olduğunu bizə bu qədər ətraflı şəkildə açıqlayan süni intellektin öz şüuru varmı?

Tutaq ki, həyətinizdə bir ağacın yandığını düşünün. İlk addımınız, yəqin ki, yanğını söndürmək və digər ağaclara yayılmağının qarşısını almaq üçün sudan istifadə etmək olacaq. Bəs yanğını söndürdükdən sonra? Ağacın yanmış hissələrinin artıq canlı olmadığını bilirsiniz. Yəni növbəti addımınız ağacın sağlam hissələrinə zərər verməməsi üçün həmin hissələri ağacın gövdəsindən və iri budaqlardan ayırmaq olacaq. Bu situasiyada:

1. Suyun alovu söndürmək qabiliyyətinin olması informasiyası artıq sizdə var.

2. Alovun uzunmüddət təmas etdiyi/təsir göstərdiyi təqdirdə bitkinin canlı hüceyrələrini nekroza (vücudun bir hissəsinin ölümü) uğradaraq məhv etdiyini bilirsiniz. 

Yəni, siz əvvəlcədən beyniniz tərəfindən modelləşdirilmiş informasiyaları bir araya gətirərək bir davranış göstərirsiniz. Beləliklə, şüur eyni zamanda insanın B hədəfinə nail olmaq üçün A fəaliyyətini göstərə biləcəyini tapa bilmək qabiliyyətidir1. Bəs bu situasiyada göstərilmiş davranış şüurlu bir hərəkətdir, yoxsa sadəcə intellektin bir parçası? Bütün bu hərəkətləri edərkən bizi süni intellektdən fərqləndirən cəhətlər nələrdir? 

Burada şüur ilə bağlı olan əsas məsələ yanğını söndürmək üçün hərəkətə keçə bilmək yox, bu davranışları sərgiləyərkən “öz”ün və ətraf mühitin fərqinə varılmağıdır. Biz mümkün olan təhlükələri əvvəlcədən ehtimal edir, alovun isti təsirini bədənimizdə hiss edir, problemdən ən tez və ən az zərərlə çıxış yolunu planlayırıq. Biz əlbəttə ki, süni intellektə suyun alovu söndürə biləcəyi və alovun zərərli təsirləri ilə bağlı məlumatları yükləyə bilərik və ona əmr olunmuş tapşırığı insan şüurundan geri qalmayacaq şəkildə yerinə yetirməsini izləyərik. Lakin süni intellektin ona əvvəlcədən yüklənməmiş biliklərə ehtiyac duyduğu hər hansı bir situasiyada yeni həll yolu tapa bilmə qabiliyyəti yoxdur2. Yəni, süni intellekt yalnız ona yüklənən alqoritmin icazə verdiyi səviyyədə intellektə sahibdir. 

Neyroelmdə şüur

Girişdə də qeyd etdiyimiz kimi şüur təkcə bioloqlar yox, eyni zamanda fizika, fəlsəfə kimi digər elm sahələrindən olan tədqiqatçılar üçün də gündəmdə olan bir mövzudur. Belə ki, ədəbiyyatda şüurla bağlı asan və çətin (ing.: easy and hard problems of consciousness) kimi qeyd olunan problemlərə toxunulur3. Şüurun asan problemi dedikdə beyinin ətraf dünyadan gələn informasiyaları necə qəbul etdiyi, bu informasiyalardan istifadə edərək növbəti cavab reaksiyasını necə planladığı və s. nəzərdə tutulur. Bunlar yetəri qədər qarışıq proseslər olsa da, müəyyənləşdirilməsi neyroelmin müasir metodları ilə mümkündür. 

Bundan əlavə, şüurun bir də subyektiv, yəni yalnız şəxsin özü tərəfindən təcrübə edilən digər aspekti daha var. Ədəbiyyatda bu hissə “qualia” olaraq da qeyd olunur.  Qeyd olunan subyektiv tərəfin şüurun çətin problemi kimi qiymətləndirilməsinin əsas səbəbi araşdırılmasının tədqiqatçılar üçün əlçatan olmamasıdır. Yəni, hər bir şəxs öz subyektiv təcrübələri zamanı şüur səviyyəsindəki proseslərdən xəbərdar olduğu halda başqa bir canlının bu proseslərə şahid ola bilməsi hələlik mümkün deyildir. 

Günümüzdə inkişaf edən neyrogörüntüləmə imkanları bizə asan problemlərinin həllində yeni baxış bucağı verir. Belə ki, elektroensefaloqrafiya (EEQ), yaxud funksional maqnit rezonans tomoqrafiya (fMRT) kimi metodlardan istifadə edərək müəyyən bir koqnitiv tapşırığı yerinə yetirərkən beynin hansı hissələrinin fəaliyyətdə olduğunu aydınlaşdıra bilirik. Məsələn, fMRT müəyyən situasiyada beyində qan axını və oksigen səviyyəsindəki dəyişiklikləri ölçməyə, bununla da dolayı yolla beyinin müvafiq hissələrindəki aktivliyi müəyyənləşdirməyə imkan yaradır4. EEQ isə beyində müəyyən neyron qrupları tərəfindən meydana çıxan elektrik aktivliyini ölçür5. Və beləliklə, beyində sürətlə baş verən dinamikanı izləməyimizə imkan yaradır.

Tədqiqatçılar artıq  EEQ-də şüur üçün spesifik olan bəzi müxtəlif əlamətləri  müəyyənləşdirib. 

Beləliklə EEQ zamanla (İng.cə- temporal resolution), fMRİ isə, mövqə olaraq (İng.cə-spatial resolution) bizə ən dəqiq məlumatı verir. Lakin, eyni zamanda hər bir texnika digərindəki üstünlükdən kəmdir. Bu səbəblə, hal-hazırda fMRT və EEQ texnikalarının birlikdə istifadə olunduğu  “EEQ-fMRT” kombinasiyası ixtira olunub. Bu cür multimodal yanaşmalar hər bir görüntüləmə metodundakı müxtəlif əksikləri aradan qaldırmaqla  neyrokoqnitiv prosesləri anlamağımızda bizə önəmli kömək edir.

Gəlin, öncəliklə, araşdırmaçıların indiyə qədər şüurun meydana çıxması üçün önəmli olduğunu qeyd etdikləri beyin hissələrinə göz gəzdirək. Daha aydın olması üçün bir nümunəni ələ alaq. Uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkən bir xəstəni düşünün. Ani stress sonrası ürək nahiyəsində kəskin ağrı hiss edir və miokard infarktı keçirdiyini düşünərək təcili tibbi yardıma zəng vurur. Bu addımları analiz edərkən nəzərə ilk çarpan koqnitiv orkestranın dirijoru adlandıra biləcəyimiz prefrontal korteksdir (prefrontal cortex). Belə ki, məntiqli düşünmə, qərarların qəbulu kimi proseslər prefrontal korteksin iştirakı olmadan baş verə bilməz6. Digər tərəfdən, qərar qəbul oluna bilməsi üçün beyinə sensor informasiyaların daxil olması və onların emal olunması gərəklidir.  Bu işdə əsas rol parietal lobun (somatosensory cortex) üzərinə düşür7. Bizim situasiyada sensor informasiya ürək nahiyəsindəki güclü ağrıdır. Sensor informasiyanın transfer stansiyası olan talamusu (thalamus) da unutmamalıyıq.8 Ağrı, temperatur, təzyiq, vibrasiya kimi sensor informasiyaların mərkəzi sinir sisteminə ötürülməsində məhz talamus iştirak edir.9 Nəzər yetirməli olduğumuz növbəti hissə limbik sistemdir. Az öncəki nümunədə şəxsdə ağrı nəticəsində narahatlıq, qorxu kimi duyğuların yaranması ehtimal olunan haldır. Yaşanmış təcrübənin emosional aspekti birbaşa limbik sistem komponentləri ilə (amiqdala (amygdala), hippokamp (hippocampus), qurşaq qırışı (cingulate gyrus) və s.) bağlı olacaqdır10 (Fiqur 1). Təbii ki, bu siyahını daha da uzatmaq olar. Hazırki məqsədimiz şüurun bütün komponentlərinə bir – bir toxunmaq yerinə, şüur prosesini anlamaq üçün baza ideyaları araşdırmaq olduğundan hələlik bu haqda daha dərin müzakirə aparmağı düşünmürük. 

Fiqur 1. Interoseptiv siqnalların qavranılması prosesinə cəlb olunan beyin strukturları11. (Şəkil “The Emerging Science of Interoception: Sensing, Integrating, Interpreting, and Regulating Signals within the Self” məqaləsindən götürülmüşdür.)

Artıq bizə aydındır ki, şüur kimi mürəkkəb bir prosesin komponentləri beynin müxtəlif hissələrinin məhsuludur və şüur onların harmoniya içərisində işləməsi ilə meydana çıxır12.  Bu prosesi aydınlaşdırmaq məqsədilə elm adamları tərəfindən bir teoriya belə irəli sürülmüşdür. Qısaca ondan da bəhs etmək istəyirik. 

Şüurun “Global Workspace” teoriyası

1988-ci ildə Bernand Baars adlı tədqiqatçı tərəfindən irəli sürülən “Qlobal İş sahəsi” (İng.cə- “Global Workspace”) teoriyasına görə, şüurlu proses beynin müxtəlif sahələri ilə fronto – parietal korteks arasındakı qarşılıqlı neyronal fəaliyyətdir.13

Fiqur 2. “Global workspace” teoriyasının sxemi, metamorfik olaraq zehində teatr səhnəsi kimi təsvir olunur. (Şəkil “Global workspace theory of consciousness: toward a cognitive neuroscience of human experience” kitabından götürülmüşdür.)

Teorem beynimizin metaforik şəkildə bir teatr səhnəsi, şüurun isə idarə edən tərəfindən səhnəyə yönləndirilən parlaq işıq olduğundan bəhs edir. Yalnız həmin parlaq işığın yönləndirildiyi sahə şüur, geri qalan hər şey isə qaranlıq və şüuraltı olaraq qiymətləndirilir. Hər saniyə üçün məhdud sayda informasiya yayıla bildiyindən, şüur səviyyəsinə çıxabilmək üçün müxtəlif idrak prosesləri arasında rəqabət mövcuddur və bu, informasiyanın nə dərəcədə önəmli olduğu və ya maraq dairəsinə görə seçilir. Həmçinin qlobal iş sahəsi beyindəki fərqli mərkəzlər və qavrama prosesləri arasında əməkdaşlıq olduğunu vurğulayır (Fiqur 2). Məsələn, şüurun hissi komponentinin qavranılması üçün səhnədəki parlaq işıq müvafiq sensor mərkəzdən (mərkəzarxası qırış) hissi proyeksiyaları tələb edir. Müəyyən bir duyğu məzmunu qurulduqdan sonra isə, o, çox güman ki, kortikokortikal və kortikotalamik liflərdən istifadə edərək mərkəzləşdirilməmiş “auditoriyaya”  (şüuraltı) ötürülür14. Sözsüz ki, burada hissi mərkəzlə yanaşı müxtəlif komponentlər də (təxəyyül, iç səs, yaddaş, niyyət və s.) iştirak edir. Bu faktorlar haqqında önümüzdəki yazılarda daha geniş danışmağı ümid ediririk. 

Daha fərqli bir baxış bucağı da fizikaçılar tərəfindən irəli sürülür. Bu məqsədlə fizikaçı R.Penrose və anestezioloq Stuart Hameroff tərəfindən formalaşdırılan “kvant zehni” (ing.: quantum mind) ideyasını sizlərlə bölüşmək istəyirik. Bu fərziyyə klassik fizika qanunlarının şüur kimi mürəkkəb bir prosesi izah edə bilməyəcəyini, bunun yerinə, şüurun neyronlarda, bəlkə də, mikroborucuqlar kimi kiçik hissələrdə baş verə biləcək quantum prosesləri nəticəsində ortaya çıxdığı fikrini irəli sürür. Nəzərinizə çatdıraq ki, bu teorem elm dünyasında olduqca mübahisəli və skeptik bir iddiadır. Ona görə də, bu barədə bugünkü yazımızda geniş danışmayacağıq. Bu haqda daha ətraflı  məlumat üçün referanslar hissəsinə göz gəzdirə bilərsiniz15.

Heyvanlarda şüur 

Bütün bu mövzular haqqında danışdıqdan sonra yəqin ki, çoxlarınızın ağlına eyni sual gəlir. İnsandan başqa digər canlı orqanizmlərdə, xüsusilə heyvanlarda da şüur elementlərinə rast gəlinirmi? Ümumilikdə, bizi bu sualı verməyə vadar edən, yəqin ki, müxtəlif heyvanların da insanda olduğu kimi mürəkkəb sinir sisteminə və beyin quruluşuna malik olduğu, bununla yanaşı neyronal əlaqələrin insanınki ilə bənzərliyidir. Bu sual sadəcə neyroelm baxımından yox, eyni zamanda etik problemlərin həllində də əhəmiyyətlidir. Bəs elm dünyası heyvanlarda şüurun varlığı ilə bağlı nə deyir?

Hər bir canlı təkamül boyunca onun təbiətinin irəli sürdüyü tələblər səbəbilə genetik səviyyədə qazandığı bacarıqlar ilə var olur. İnstikt adlandırdığımız bu bacarıqlar canlıların həyatda qalma və çoxalması, qida tapması, yırtıcılardan qaçması və nəsil qayğısına qalması kimi proseslərdə vacib rol oynayır. Təbii ki, hər bir canlı sinfində instikt səviyyəsi də sinir sisteminin inkişafı ilə mütənasib olaraq dəyişir. Bəs instikti şüura aid etmək olarmı? Bir maralın yırtıcı bir heyvandan qaçması instiktdir, lakin həmin anda mühakimə etməsi və bir ağacın ardında gizlənməsinin onu qoruyacağını düşünməsi də instikdirmi, yoxsa şüurlu bir davranışdırmı?

Bu günə qədərki tədqiqatlar mürəkkəb sinir sisteminə malik olan fillər, delfinlər, primatlar kimi məməlilərin, həmçinin quşlar və kalmarların anlama, yaddasaxlama, problem həlletmə və sosial qarşılıqlı əlaqə qurma kimi davranışlar göstərdiyini və bu davranışların müəyyən bir səviyyəyə qədər şüurun əlamətləri olduğunu düşünürlər16. Lakin, heyvanların subyektiv təcrübələrinə birbaşa keçid olmadığından, onların şüur səviyyəsi yalnız müşahidələrə, beyin aktivliyinə və digər növlərlə müqayisələrə əsalanaraq qiymətləndirilir. 

Nəticə

Bu məqalədə şüur terminini araşdırmağa çalışaraq müxtəlif elm sahələrində onun haqqında irəli sürülən fərziyyələrə nəzər yetirdik. Düşünürük ki, şüurun tam olaraq anlaşılması üçün fizika, neyroelm və fəlsəfə kimi sahələr arasında əlaqələr yaxşı qurulmalıdır. Elmdə son illərdə aparılan araşdırmalar bizi hər gün şüur kimi kompleks və subyektiv bir fenomenin izahına daha da yaxınlaşdırsa da, bu mövzuda hələ yolumuz uzundur.

Yazarlar: Narmin Naghiyeva, Dilara Huseynova

Editorlar: Elxan Yusifov, Sadiq Niftullayev 

Ədəbiyyat:

(1) Kauffman, S. A.; Roli, A. What Is Consciousness? Artificial Intelligence, Real Intelligence, Quantum Mind and Qualia. Biol. J. Linn. Soc. 2023, 139 (4), 530–538. https://doi.org/10.1093/biolinnean/blac092.

(2) Brundage, M. Taking Superintelligence Seriously. Futures 2015, 72, 32–35. https://doi.org/10.1016/j.futures.2015.07.009.

(3) Chalmers, D. The Hard Problem of Consciousness. In The Blackwell Companion to Consciousness; Schneider, S., Velmans, M., Eds.; Wiley, 2017; pp 32–42. https://doi.org/10.1002/9781119132363.ch3.

(4) Logothetis, N. K. What We Can Do and What We Cannot Do with fMRI. Nature 2008, 453 (7197), 869–878. https://doi.org/10.1038/nature06976.

(5) Michel, C. M.; Murray, M. M.; Lantz, G.; Gonzalez, S.; Spinelli, L.; Grave De Peralta, R. EEG Source Imaging. Clin. Neurophysiol. 2004, 115 (10), 2195–2222. https://doi.org/10.1016/j.clinph.2004.06.001.

(6) Miller, E. K.; Cohen, J. D. An Integrative Theory of Prefrontal Cortex Function. Annu. Rev. Neurosci. 2001, 24 (1), 167–202. https://doi.org/10.1146/annurev.neuro.24.1.167.

(7) Cabeza, R.; Ciaramelli, E.; Olson, I. R.; Moscovitch, M. The Parietal Cortex and Episodic Memory: An Attentional Account. Nat. Rev. Neurosci. 2008, 9 (8), 613–625. https://doi.org/10.1038/nrn2459.

(8) Sherman, S. M.; Guillery, R. W. The Role of the Thalamus in the Flow of Information to the Cortex. Philos. Trans. R. Soc. Lond. B. Biol. Sci. 2002, 357 (1428), 1695–1708. https://doi.org/10.1098/rstb.2002.1161.

(9) Levine, D. N. Sherrington’s “The Integrative Action of the Nervous System”: A Centennial Appraisal. J. Neurol. Sci. 2007, 253 (1–2), 1–6. https://doi.org/10.1016/j.jns.2006.12.002.

(10) Phelps, E. A. Human Emotion and Memory: Interactions of the Amygdala and Hippocampal Complex. Curr. Opin. Neurobiol. 2004, 14 (2), 198–202. https://doi.org/10.1016/j.conb.2004.03.015.

(11) Chen, W. G.; Schloesser, D.; Arensdorf, A. M.; Simmons, J. M.; Cui, C.; Valentino, R.; Gnadt, J. W.; Nielsen, L.; Hillaire-Clarke, C. St.; Spruance, V.; Horowitz, T. S.; Vallejo, Y. F.; Langevin, H. M. The Emerging Science of Interoception: Sensing, Integrating, Interpreting, and Regulating Signals within the Self. Trends Neurosci. 2021, 44 (1), 3–16. https://doi.org/10.1016/j.tins.2020.10.007.

(12) Dehaene, S. Consciousness and the Brain: Deciphering How the Brain Codes Our Thoughts; Penguin books: New York (N. Y.), 2014.

(13) Mashour, G. A.; Roelfsema, P.; Changeux, J.-P.; Dehaene, S. Conscious Processing and the Global Neuronal Workspace Hypothesis. Neuron 2020, 105 (5), 776–798. https://doi.org/10.1016/j.neuron.2020.01.026.

(14) Baars, B. J. Global Workspace Theory of Consciousness: Toward a Cognitive Neuroscience of Human Experience. In Progress in Brain Research; Elsevier, 2005; Vol. 150, pp 45–53. https://doi.org/10.1016/S0079-6123(05)50004-9.

(15) Hameroff, S.; Penrose, R. Consciousness in the Universe. Phys. Life Rev. 2014, 11 (1), 39–78. https://doi.org/10.1016/j.plrev.2013.08.002.

(16) Birch, J.; Schnell, A. K.; Clayton, N. S. Dimensions of Animal Consciousness. Trends Cogn. Sci. 2020, 24 (10), 789–801. https://doi.org/10.1016/j.tics.2020.07.007.

1 thought on “Şüur nədir?”

  1. Turan Mammadli

    Öncəliklə əllərinizə sağlıq👍🏻

    Düşünürəm növbəti dəfə yuxu ilə bağlı yazı olsa, üstəlik bu yazı sonda şüurla da əlaqələndirisə, möhtəşəm ola bilər👍🏻

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Scroll to Top